MƏDƏNİYYƏT
Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova Litvada VİDEO
Bakı, 14 aprel (AZƏRTAC). May ayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Dilarə Kazımova Litvada çıxış etmişdir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Böyük səhnə” proqramının PR meneceri Nərminə Məmmədova AZƏRTAC-a bildirmişdir ki, Litva, Dilarə Kazımovanın keçən həftə Amsterdamdan başlayan “Start a Fire” promoturu çərçivəsində ikinci ölkə olmuşdur.
Təmsilçimiz səfərini Litva televiziyasında yayımlanan “Xorların yarışı” (“Chorų karai”) şousunda çıxışı ilə başlamışdır. O, TV3 telekanalında “Start a Fire” müsabiqə mahnısını şounun canlı efirində təqdim etmişdir.
Aprelin 14-də isə Dilarə Kazımovanın bu ölkədə növbədə iş günü LRT kanalında səhər teleşousundan başlamışdır. Daha sonra isə o, yenə də LRT kanalında “İki ulduz” teleşousunda Litva təmsilçisi Viliya Mataçunayte ilə duet oxumuşdur. Həmyerlimiz yerli KİV-lərlə də ünsiyyətdə olmuşdur.
Azərbaycan təmsilçisinin səfər edəcəyi növbəti ölkələr Macarıstan, Rusiya, Gürcüstan və Malta olacaqdır.
Dilarə Kazımova 10 gün ərzində 5 ölkədə çıxış edəcəkdir.
Təmsilçimiz “Eurovision” müsabiqəsinin mayın 6-da keçiriləcək birinci yarımfinalında 8-ci nömrə altında ifa edəcəkdir.
“Start a Fire” mahnısını “iTunes” və “Amazon”da da dinləmək mümkündür.
Mövzu ilə bağlı xəbərləri facebook.com/dilarakazimova, Dilarə Kazımovanın tezliklə fəaliyyətə başlayacaq www.dilara.eurovisiontalents.com rəsmi saytında, həmçinin instagram.com/dilarakazimova instaqramında, mahnını isə “iTunes”da http://bit.ly/1hJgkPg daxil olmaqla dinləmək olar.