SİYASƏT


“Azərbaycanın Gənc Dostları Klubu” zəngin platformaya çevrilir

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

“Azərbaycanın Gənc Dostları Klubu”nun yarandığını biləndə məmnuniyyətlə üzv oldum. Çünki yay məktəbində iştirakımdan sonra Azərbaycan mənim üçün çox doğmalaşıb və dost ölkəyə çevrilib. “Azərbaycanın Gənc Dostları Klubu” ideyalarımızı paylaşmaq və müzakirələrdə fəal iştirak etmək üçün zəngin platformaya çevrilir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin üzvü xanım Xianqou Vanq Azərbaycan, eləcə də ölkəmizin multikulturalizm modeli haqqında təəssüratlarını bölüşərkən bildirib.

Xianqou Vanq deyib: “Mən Çin vətəndaşıyam və Litva Pedaqoji Universitetində ali musiqi təhsili aldığım müddətdə “Azərbaycan multikulturalizmi” fənninin müdavimi olmuşam. Bu fənnin tədrisi dövründə nəzəri olaraq Azərbaycanın mədəniyyəti, multikulturalizm modeli haqqında müəyyən anlayışlar əldə etmişdim, amma bəzi məsələlər mənim üçün dumanlı qalmışdı. Ona görə də III Beynəlxalq multikulturalizm yay məktəbində iştirak etmək fürsəti yarananda sevindim. Çünki Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri olaraq öyrəndiklərimi əyani olaraq görmək imkanım yaranmışdı.

Yay məktəbi ilə bağlı zəngin təəssüratlarım var. Proqram çox əhatəli və maraqlı idi. Mühazirələr arasında ən çox Azərbaycan musiqisindən bəhs edən mühazirə xoşuma gəldi. Düşünürəm ki, Çinlə Azərbaycan arasında bir çox oxşar cəhətlər var. Məsələn, milli geyimdə, musiqi növlərində və hətta bəzi adətlərdə oxşarlıqlar mövcuddur. Özüm musiqiçi olaraq daha çox Azərbaycan musiqi növlərinin tarixi və Azərbaycan ərazisində müxtəlif milli mədəniyyətlərin inteqrasiyasının inkişafı haqqında daha çox öyrənmək istəyərdim. Səyahət etməyi və tarixi çox sevdiyim üçün səfər ərzində diqqətimi Bakının köhnə tarixi binaları çəkdi. Azərbaycanda özümü çox rahat hiss edirdim, buradakı insanlar çox mehriban və ürəyiaçıqdırlar.

III Beynəlxalq multikulturalizm yay məktəbində iştirakımı həyat təcrübəmin qiymətli hissəsi hesab edirəm. Gələcəkdə Azərbaycan ilə Çinin Sincan-Uyğur Vilayətinin musiqilərinin müxtəlif aspektlərinin müqayisəli təhlilini aparmağı düşünürəm. Ümid edirəm ki, buraya yenidən gəlmək fürsətim olar”.

III Beynəlxalq multikulturalizm məktəbində iştirakından, ölkəmizlə bağlı təəssüratlarından bəhs edən “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin üzvü Yu Vanq isə bildirib: “Mən hazırda Litvada ali məktəblərdən birində musiqi təhsili alıram. Azərbaycan multikulturalizmi barədə oxuduğum təhsil ocağında məlumat əldə etmişəm. Azərbaycanlı pedaqoq Əfsanə Məmmədovanın Litva Pedaqoji Universitetində tədris etdiyi “Azərbaycan multikulturalizmi” fənninin tədrisi zamanı dərslərdə fəal iştirak edirdim. Bu kurs dövründə öyrəndim ki, multikulturalizm Azərbaycana kənardangəlmə bir dəyər deyil, xalqın əsrlərə söykənən ali dəyəridir, həyat tərzidir və dövlət siyasətinin aparıcı istiqamətidir. III Beynəlxalq multikulturalizm məktəbində iştirakım unudulmaz xatirələrlə yadımda qalıb.

Yay məktəbinin proqramı çərçivəsində Nic qəsəbəsinə səfərimiz zamanı Alban-Udi xristian kilsəsini görəndə mütəəssir oldum. Musiqiçi olduğum üçün kilsədə səslənən orqan musiqisi diqqətimi cəlb etdi. Ümumiyyətlə, Azərbaycan musiqisi maraq dairəmdədir. Burada olduğum günlərdə Azərbaycan bəstəkarlarının musiqilərini dinlədim. Qəbələdə təşkil olunan konsertdə Azərbaycanın xalq mahnıları mənə xoş anlar yaşatdı. Çox şadam ki, Azərbaycanı yaxından tanıdım. Mən Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və burada multikulturalizm, tarix, mədəniyyət və digər sahələrdə əldə etdiyim biliyə görə Azərbaycanı heç vaxt unutmayacağam. Azərbaycan multikulturalizmi bu gün dünyanın örnək alacağı unikal modellərdən biridir. Məhz buna görə “Azərbaycanın Gənc Dostları Klubu” yarananda ilk üzvlərdən biri mən oldum və düşünürəm ki, bu dostluq ömür boyu davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.