REGİONLAR
Azərbaycanın Gənclər Paytaxtında keçirilən intellektual oyununun qalibləri mükafatlandırılıb
Balakən, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Aktiv Gənclər Klubunun həyata keçirdiyi “Winter Cup Balakən” adlı layihəyə - “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yeniyetmə liqasına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, martın 29-da Balakən rayon İnteqrasiya təlimli internat tipli gimnaziyada liqanın final mərhələsinin yarışı keçirilib.
Qeyd edək ki, 2016-cı ilin dekabrında startı verilən və 3 ay davam edən liqa yarışlarında 17 məktəb komandasının tərkibində 100-dək yeniyetmə mübarizə aparıb.
Final mərhələsində daha uğurla çıxış edən Balakən humanitar və texniki təmayüllü liseyin komandası liqanın qalibi adını qazanıb. Sonrakı yerləri Qaravəlli kəndi və Balakən şəhər 1 nömrəli tam orta məktəblərin komandaları tutublar.
Liqanın yekununa həsr olunmuş mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, gənclər və idman idarəsinin rəisi Rasim Paçalov, təhsil şöbəsinin nümayəndəsi Cavanşir Alqayev və YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev çıxış edərək, yarışın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakən rayonunda yeniyetmə və gənclərin asudə vaxtlarının mənalı və səmərəli təşkili, onların intellektual potensialının yüksəldilməsi, məntiqi təfəkkürünün inkişaf etdirilməsi məqsədi ilə davamlı iş aparılır. Diqqətə çatdırılıb ki, yenicə başa çatan bu yarış da “paytaxt ili” çərçivəsində rayonda təşkil edilən növbəti tədbirlərdən biridir. Bu istiqamətdə tədbirlər ilboyu davam etdiriləcək.
Mərasimin sonunda liqanın qaliblərinə mükafatlar təqdim olunub.