ORDU
Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin gəmiləri “Xəzər Kuboku-2015” Ordu Oyunlarında iştirak etmək üçün Rusiyaya çatıblar
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri “Xəzər Kuboku-2015” Beynəlxalq ordu oyunlarında iştirak etmək üçün Rusiyaya səfər edib. Kubok yarışları avqustun 3-dən 15-dək Xəzər dənizinin xüsusi təchiz olunmuş akvatoriyasında keçiriləcək.
AZƏRTAC “RİA Novosti”yə istinadən xəbər verir ki, HDQ-nin 205 layihəli iki patrul-mühafizə kateri və dəniz buksiri artıq Mahaçqala limanına daxil olub.
Qarşılanma mərasimindən sonra Xəzəryanı üç ölkədən – Azərbaycan, Rusiya və Qazaxıstandan olan yarış iştirakçıları “Dağıstan” dəniz poliqonuna şturman yürüşünü başa çatdırıblar. Rusiya dənizçiləri həmkarlarına marşrutları və atışlarla bağlı tapşırıqların yerinə yetirilməsini nümayiş etdiriblər.
Müsabiqə avqustun 3-dən 15-dək Xəzər dənizinin xüsusi təchiz olunmuş, ümumi sahəsi 170 mil (300 kilometr) olan poliqonunda keçiriləcək.