CƏMİYYƏT


“Azərbaycanın İntellektual BİRincisi”  layihəsinin final mərhələsinə yekun vurulub

A+ A

Bakı, 14 dekabr, AZƏRTAC

“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin final mərhələsi başa çatıb.

İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanın İntellektual BİRincisi” layihəsində 10 regionu, 66 rayonu təmsil edən 1109 gənc iştirak edib. Layihə çərçivəsində İsmayıllı, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəmkir, Quba, Tərtər rayonlarının gənc intellektualları region turnirlərində, eyni zamanda, Bakının 11 rayonunun gəncləri “Xəmsə”, “Nə?, Harada?, Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” intellektual oyunları üzrə yarışaraq layihənin final mərhələsinə vəsiqə qazanıblar.

Bağlanış mərasimində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, layihənin tərəfdaşı olan Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyev və digərləri çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Sonra qalib komandalar medallar və qiymətli hədiyyələrlə təltif olunublar.

“Vətəni tanı” intellektual oyunu üzrə birinci yeri paytaxtın Nizami, ikinci yeri Balakən, üçüncü yeri isə Zərdab rayonlarının komandaları tutublar. “Axtar-tap” oyununda isə birinci yerə Bakının Binəqədi rayonunun gəncləri sahib olublar. Abşeron rayonun təmsilçiləri ikinci, Lənkəran gəncləri isə üçüncü yerdə qərarlaşıblar. “Nə, harada, nə zaman?” və “Xəmsə” intellektual oyunlarında birinci yeri Abşeron, ikinci yeri paytaxtın Yasamal, üçüncü yeri isə Saatlı rayonunun gənc intellektualları tutublar.

Xatırladaq ki, ötən il Azərbaycan Gəncləri Günü ərəfəsində Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə intellektual oyunların və televiziya proqramlarının gənclərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirmişdi. Bunu nəzərə alaraq, “İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, onların intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə ölkə daxilində bir neçə yarışın vahid turnir çərçivəsində təşkili istiqamətində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual BİRincisi” layihəsini icra edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.