REGİONLAR
“Azərbaycanın İntellektual BİRincisi” layihəsinə start verilib VİDEO
İsmayıllı-Sabirabad, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində İsmayıllı və Sabirabad rayonlarında turnirlər keçirilib. İsmayıllıdakı turnirə Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının, Sabirabaddakı yarışa isə Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Neftçala və Sabirabad rayonlarının gənc intellektualları qatılıblar.
AZƏRTAC xəbər verir ki, açılış mərasimlərində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış ediblər.
Açılış mərasimlərindən sonra 4 intellektual oyuna ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") start verilib.
İsmayıllı rayonunda keçirilən regional seçim turunda "Axtar-tap", "Vətəni tanı" intellektual oyunlarında Ağsu rayonu, "Xəmsə", “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında isə İsmayıllı rayonunun gənc intellektualları qalib olublar.
Sabirabad rayonunda keçirilən regional seçim turunda “Axtar-tap”, “Nə? Harada? Nə zaman?”, “Xəmsə” intellektual oyunlarında Saatlı rayonu, “Vətəni tanı” intellektual oyununda Neftçala rayonunun gənc intellektualları qalib olublar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif edilib.
Qeyd edək ki, “İrəli” İctimai Birliyinin reallaşdırdığı layihə Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir. Azərbaycan İntellektual Oyunlar Klubu və Gənclərin İntellektual İnkişaf Mərkəzi “Azərbaycan İntellektual BİRincisi” layihəsinə təşkilatı dəstək göstərib.