CƏMİYYƏT
“Azərbaycanın İntellektual BİRincisi” layihəsinin Sumqayıt, Mingəçevir, Quba və Şəmkir regional turnirləri başa çatıb
Bakı, 5 dekabr, AZƏRTAC
“İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin Sumqayıt, Mingəçevir, Quba və Şəmkir regional turnirləri başa çatıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Sumqayıtda təşkil edilən turnirdə Abşeron, Sumqayıt, Xızı rayonlarının gənc intellektualları iştirak ediblər. Mingəçevirdəki turnirə isə Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gəncləri qatılıblar. Şəmkirdə turnirdə Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının, Qubakı yarışda isə Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektualları mübarizə aparıblar.
Layihənin açılış mərasimindən sonra dörd intellektual oyun (“Xəmsə”,”Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni tanı”) üzrə yarışlara start verilib. Sumqayıt şəhərindəki regional seçim turunda Abşeron rayonunun təmsilçiləri qalib gəliblər. Mingəçevirdəki yarışda “Nə? Harada? Nə zaman?”, “Axtar-tap” intellektual oyunlarında Mingəçevirin, “Vətəni tanı” intellektual oyununda Zərdab rayonunun, “Xəmsə” intellektual oyununda Ağdaş rayonunun gənc intellektualları qalib olublar.
Quba rayonundakı regional seçim turunda “Xəmsə”, “Axtar-tap” intellektual oyunlarında Quba rayonunun, “Vətəni tanı” intellektual oyununda Xaçmaz rayonunun, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Şabran rayonunun gəncləri qələbə qazanıblar.
Şəmkirdəki regional seçim turunda “Vətəni tanı”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Samux rayonunun, “Axtar-tap” intellektual oyununda Tovuz rayonunun, “Xəmsə” intellektual oyununda Göygöl rayonunun gəncləri rəqiblərindən üstün olublar.
Qalib gələn komandalar Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.
Dağlıq Qarabağın və Bakının rayonları üzrə yarışlar dekabrın 10-da və 11-də təşkil olunacaq.