REGİONLAR
Azərbaycanın İsmayıllı və Türkiyənin Uşak şəhərlərinin məktəbləri arasında “Qardaşlaşmış məktəblər” protokolu imzalanıb
İsmayıllı, 26 noyabr, AZƏRTAC
Türkiyənin Uşak şəhərinin Hasibə və Mazhar Gürbüz məktəbinin bir qrup müəllimi noyabrın 21-26-da İsmayıllıda olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar İsmayıllıya İsrayıl Həsənov adına şəhər 1 saylı tam orta məktəbin müəllimi Surə Mehdiyevanın “eTwining Plus” layihəsi çərçivəsində türkiyəli həmkarları ilə əməkdaşlığı çərçivəsində gəliblər.
Qeyd edək ki, “eTwining Plus” layihəsi 2004-cü ildə Avropa İttifaqı ölkələri ilə ən yaxın qonşu ölkələr arasında qarşılıqlı əlaqələrin dərinləşməsi məqsədilə işlənib hazırlanıb. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olmaqla pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, birgə layihələr yaratmaq, Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Bu ilin iyun ayından Azərbaycan da Avropa İttifaqının qonşuluq siyasətinə əsaslanan bu layihəyə qoşulub.
Layihə çərçivəsində İsmayıllıya gələn Hasibə və Mazhar Gürbüz məktəbinin müdiri İsmayıl Gündüz, müəllimlər Tekin Yardımçı, Öznur Cirit, Ayşe Köylüoğlu və məktəb psixoloqu Aykut Dere şəhər 1 saylı tam orta məktəbdə şagird və pedaqoji işçilərlə görüşüb, tədris prosesi ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.
Türkiyəli müəllimlərlə rayon icra hakimiyyətində görüş keçirilib. Qonaqlar İsmayıllı şəhəri ilə tanış olub, Lahıc qəsəbəsinə, İvanovkaya gediblər.
Səfər çərçivəsində İsrayıl Həsənov adına şəhər 1 saylı tam orta məktəb ilə Hasibə və Mazhar Gürbüz məktəbi arasında “Qardaşlaşmış məktəblər” protokolu imzalanıb.