SİYASƏT
Azərbaycanın İspaniyadakı səfiri Bask vilayətindəki icmamızın üzvləri ilə görüşüb VİDEO
A.Əfəndiyev diaspor fəallarına Bask vilayətinin parlamentində qondarma “Dağlıq Qarabağ respublikası”nın “xarici işlər naziri”nin qəbul olunduğunu, nəticədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan sənədin müzakirəyə çıxarıldığını xatırladıb və Azərbaycanın İspaniyadakı səfirliyinin bununla bağlı atdığı addımlar barədə məlumat verib. Səfir azərbaycanlıları vilayətin ictimai həyatında daha fəal olmağa çağırıb.
Diaspor fəalları Bask vilayəti parlamentində məlum sənədin müzakirəsi haqqında xəbər tutduqdan dərhal sonra bu barədə Azərbaycanın İspaniyadakı səfirliyinə məlumat verdiklərini bildiriblər. Cari ilin noyabrında San Sebastyan şəhərində beynəlxalq mədəniyyət festivalı keçiriləcəyini deyən fəallar bu tədbirdə Azərbaycanı təmsil etmək üçün səfirlikdən dəstək istəyiblər. Səfir A.Əfəndiyev bunun üçün lazımi dəstəyin göstəriləcəyini deyib.
Görüşdə aparılan müzakirələrin nəticəsində qərara alınıb ki, Bask vilayəti parlamentinə qondarma “Dağlıq Qarabağ respublikası” ilə əlaqələrə son qoymağa çağıran yazılı müraciət qəbul olunsun. Diaspor fəalları belə bir müraciət üçün imza toplamağa hazır olduqlarını bildiriblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
San Sebastyan