SİYASƏT


Azərbaycanın İspaniyadakı səfiri etimadnaməsini Andorra Knyazlığının həmşahzadəsinə təqdim edib

A+ A

Andorra, 9 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov etimadnaməsini Andorra Knyazlığının həmşahzadəsi, eyni zamanda, İspaniya Katolik Kilsəsinin arxiyepiskopu Monsenyor Xuan Enrik Vives Sisiliaya təqdim etmək üçün Urgel Yepiskop Sarayında təşkil olunmuş xüsusi mərasimdə iştirak edib. Xüsusi mərasimdən sonra səfir A.Məhərrəmov etimadnaməsini Monsenyor Xuan Enrik Vives Sisiliaya təqdim edib.

Etimadnamə təqdim edildikdən sonra keçirilmiş görüşdə Monsenyor Xuan Enrik Vives Sisilia səfir A.Məhərrəmovu bir daha salamlayaraq ona gələcək fəaliyyətində uğurlar diləyib.

Öz növbəsində səfir onun etimadnaməsini qəbul etdiyinə görə Andorra Knyazlığının həmşahzadəsinə təşəkkürünü bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Monsenyor Xuan Enrik Vives Sisiliaya çatdırıb.

Monsenyor Xuan Enrik Vives Sisilia salamlarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib, onun da səmimi salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.

Daha sonra Monsenyor Xuan Enrik Vives Sisilia son dövrlər respublikamızda aparılan iqtisadi islahatlar, ictimai vəziyyət və ölkəmiz üçün həssas məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanıb.

Səfir Andorra Knyazlığının həmşahzadəsinə Prezident İlham Əliyev tərəfindən uğurla aparılan daxili və xarici siyasətdən bəhs edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son zamanlarda, xüsusən cari ilin aprel ayında təmas xəttində yaranmış gərgin vəziyyət barədə ətraflı məlumat verib. Aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasının ölkəmiz üçün acı nəticələr verdiyini bildirən səfir məhz Ermənistanın münaqişə ilə bağlı tutduğu qeyri-konstruktiv mövqenin məsələnin bu günədək həll olunmaması və sülh danışıqlarının süni şəkildə pozulmasına gətirib çıxardığını vurğulayıb.

Monsenyor Xuan Enrik Vives Sisilia münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasına ümid etdiyini bildirib.

Söhbət zamanı ölkəmizdə tolerantlığa və mədəniyyətlərarası dialoqa xüsusi önəm verildiyini, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirən səfir Anar Məhərrəmov oktyabrın 2-də Roma Papası Fransiskin Azərbaycana pastoral səfərinin ölkəmizin multikulturalizm və dini tolerantlığa verdiyi önəmin təzahürü olduğunu vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Monsenyor Xuan Enrik Vives Sisilia Azərbaycan ilə Andorra arasında siyasi münasibətlərlə yanaşı, iqtisadi, mədəni, elmi və digər əlaqələrin daha da inkişafında və xidməti fəaliyyətində Anar Məhərrəmova uğurlar diləyib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Andorra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.