SİYASƏT
Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər və Əməkdaşlıq Nazirliyinə nota göndərib
Yayılmış məlumatları araşdıran Azərbaycanın İspaniyadakı səfirliyi İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinə nota göndərib. Notada deyilir ki, İspaniyanın yerli və regional rəsmiləri tərəfindən bu cür qətnamələrin qəbul edilməsi cəhdlərinin qarşısı alınmalıdır. Hər hansı belə qətnamənin qəbulu Azərbaycan Respublikasına qarşı qərəzli addım kimi qəbul oluna və müvafiq nəticələrə səbəb ola bilər. Eyni zamanda, İspaniya hökumətindən Mirzoyan soyadlı şəxsin “Dağlıq Qarabağ respublikası”nın “xarici işlər naziri” adı ilə bu ölkəyə səfəri, onun İspaniyaya hansı pasportla, haradan gəlməsini açıqlayan məlumat istənilib. Gələcəkdə İspaniya ərazisində bu cür səfərlərin və hərəkətlərin qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsi tələb edilib.
Bu məsələnin müzakirəsi ilə bağlı sentyabrın 25-26-da Bask hökumətinin başçısı, Bask vilayəti parlamentinin sədri, Bask parlamenti fraksiyalarının rəhbərləri ilə görüş nəzərdə tutulub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid