SİYASƏT


Azərbaycanın İspaniyadakı səfirliyində bu ölkədə yaşayan azərbaycanlılarla görüş keçirilib

A+ A

Madrid, 21 sentyabr, AZƏRTAC 

Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov bu ölkədə yaşayan bir qrup azərbaycanlı ilə görüşüb.

Səfir Anar Məhərrəmov görüşdə iştirak edən azərbaycanlılarla yaxından tanış olaraq onların qarşısında duran əsas məqsəd və vəzifələrə dair fikir mübadiləsi aparıb.

Daha sonra İspaniyada yaşayan azərbaycanlıların bir neçə region üzrə mütəşəkkil birliklərinin yaradılmasının zəruriliyi müzakirə olunub. Səfir Anar Məhərrəmov İspaniyada ölkəmizin maraqları baxımından aktiv təbliğat işinin qurulması istiqamətində öz fikirləri ilə bölüşüb, bu mənada hər zaman səfirliyin dəstəyinin göstəriləcəyini vurğulayıb. Qeyd olunub ki, ölkəmizin milli mənafeyi naminə, İspaniyanın Bask vilayəti, Kataloniya, Navarra kimi separatçı yönümlü bölgələrində yaşayan həmvətənlərimizin fəallığının artırılması önəmlidir. Bu baxımdan mütəmadi görüşlərin keçirilməsi, tədbirlərin hazırlanması, təbliğat materiallarının yayılması dövlətçilik işimizə böyük töhfə verəcək.

Görüşdə iştirak edən azərbaycanlılar təşkil olunmuş səmimi görüş üçün səfirə təşəkkürlərini bildiriblər. Həmvətənlərimiz səsləndirilən təklifləri məqsədəuyğun hesab etdiklərini bildirərək bu istiqamətdə fəaliyyətlərini artıracaqlarını qeyd ediblər.

Daha sonra səfir A.Məhərrəmov cari il sentyabrın 26-da keçiriləcək referendumla bağlı Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib. Azərbaycanda demokratik cəmiyyət prinsiplərinə əsaslanaraq, bir sıra sahələrdə, o cümlədən, dövlət quruculuğu sistemində, insan hüquqları sahəsində, yerli özünüidarəetmə və ölkəmizin hüquqi bazasını təkmilləşdirən digər sahələri əhatə edən mühüm dəyişikliklərdən bəhs edən səfir Anar Məhərrəmov görüşdə iştirak edən azərbaycanlıları Konstitusiyaya təklif edilən dəyişikliklərlə yaxından tanış olmağa və sentyabrın 26-da keçiriləcək referendumda fəal iştirak etməyə çağırıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.