SİYASƏT
Azərbaycanın İsveçdəki səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib
Stokholm, 10 may, AZƏRTAC
Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə yerli diaspor fəallarının iştirakı ilə tədbir keçirilib.
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov tədbiri giriş sözü ilə açaraq Azərbaycanın dövlətçilik tarixinin ən parlaq siması olan Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin və təhlükəsizliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən geniş bəhs edən Adış Məmmədov Ulu Öndərin Azərbaycan xalqının xilaskarı və müasir Azərbaycanın qurucusu kimi tarixdə daim yaşayacağını bildirib. Məhz qeyd olunan titanik fəaliyyətinə və Azərbaycan sevgisinə görə Ulu Öndərin dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların məbədinə çevrildiyini qeyd edən səfir bu gün də azərbaycanlıların öz liderlərinin əziz xatirəsini dərin hörmət və ehtiram hissi ilə andıqlarını vurğulayıb.
Böyük iqtisadi inkişafa və güclü orduya malik olan, regionun ən inkişaf etmiş ölkəsi və region siyasətinin güclü aktorlarından olan Azərbaycanın Ulu Öndərin şah əsəri olduğunu bildirən səfir Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, Azərbaycanın bundan sonra da daha böyük uğurlara imza atacağını əminliklə qeyd edib.
Sonda Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edərək gələcək nəsillərin bu böyük şəxsiyyətin miras buraxdığı Vətənimizi öz canları bahasına qorumağa və inkişaf etdirməyə borclu olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən İsveçdə yaşayan Azərbaycan diaspor fəalları - Abdulla Haşimi və Rəhim Sadıqbəyli öz şəxsi xatirələrindən söz açaraq, Ulu Öndərin xilaskarlıq missiyasından və uzun illəri əhatə edən quruculuq fəaliyyətindən və onun uğurlu nəticələrindən bəhs ediblər.
Tədbirin sonunda Ulu Öndərin həyat və siyasi fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm