CƏMİYYƏT
Azərbaycanın Litvadakı səfirliyi Milad bayramı münasibətilə keçirilmiş xeyriyyə yarmarkasında iştirak edib
Vilnüs, 5 dekabr, AZƏRTAC
Vilnüs şəhər Ratuşasında Milad bayramı münasibətilə 14-cü xeyriyyə yarmarkası keçirilib. Yarmarkada 34 ölkənin Litvada akkreditə olunmuş səfirlikləri və ictimai təşkilatlar iştirak ediblər.
Xeyriyyə yarmarkasının keçirilməsində məqsəd litvalıların xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaları, o cümlədən iştirakçılar tərəfindən satışa çıxarılan milli suvenirlərdən əldə olunan vəsaitlərin Litvanın uşaq evlərinə, uşaq xəstəxanalarına köçürülməsi olub.
Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlarımızdan paxlava və şəkərbura, yuxa, narşərab, həmçinin meyvə şirələri, mineral sular nümayiş etdirilib.
Tədbiri Litvanın sabiq Prezidenti Valdas Adamkus açıb. Açılış mərasimindən sonra səfir Həsən Məmmədzadə Azərbaycan stendinə yaxınlaşan Litva rəsmilərinə stenddə nümayiş olunan məhsullar haqqında qısa məlumat verib.
Tədbirin musiqi proqramı çərçivəsində Litvanın Mikolo Romeris Universitetində təhsil alan tələbəmiz Ruhəngiz Əsgərova tərəfindən Azərbaycanın “Sarı gəlin” rəqsi ifa edilib. Bu qədim Azərbaycan rəqsi ziyarətçilər tərəfindən maraqla izlənilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs