SİYASƏT
Azərbaycanın Los-Ancelesdəki baş konsulunun məqaləsi "Washington Times" qəzetində dərc olunub
Vaşinqton, 27 avqust, AZƏRTAC
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Xəzər təbii qazının Qərbə axını: Avropanın enerji xəritəsi dəyişmək üzrədir” sərlövhəli məqaləsi ABŞ-ın nüfuzlu "Washington Times" qəzetinin 26 avqust tarixli nömrəsində dərc olunub.
Məqalədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsi barədə söhbət açılır, Avropanın enerji təhlükəsizliyinə ölkəmizin verəcəyi töhfələr qeyd olunur. Baş konsul bildirir ki, müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq sərmayə və tərəfdaşlıq üçün öz qapılarını açan Azərbaycan 20 ildən çoxdur Qərbin etibarlı enerji tərəfdaşı olaraq qalmaqdadır.
Diplomat vurğulayır ki, Azərbaycan yalnız öz nəhəng neft və qaz yataqlarına görə deyil, eyni zamanda, Mərkəzi Asiyanın enerji resurslarının Avropaya ötürülməsində xüsusi geostrateji önəmə malikdir. Müəllif Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin qısa zamanda əldə etdiyi nailiyyətləri sadalayaraq, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf və müasirləşmə yolu keçərək bu gün yerləşdiyi regionun iqtisadiyyatının 80 faizə nəzarət etdiyini diqqətə çatdırıb.
Diplomat Azərbaycanın tarixən malik olduğu və bu gün də böyük qürur hissi ilə yaşatdığı qədim tolerantlıq ənənələrindən bəhs edir və bu ənənələrin neft-qaz resursları qədər ölkəmizin ən qiymətli sərvətlərindən olduğunu vurğulayır.
Həmçinin, N.Ağayev Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasəti barədə oxucuları məlumatlandırır.
Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://www.washingtontimes.com/news/2015/aug/26/nasimi-aghayev-caspian-natural-gas/
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton