İQTİSADİYYAT
Azərbaycanın MHŞT-də tamhüquqlu üzvlüyünün bərpa edilməsi məsələsinə yaxın vaxtlarda baxılacaq
Bakı, 30 aprel, Nihad Budaqov, AZƏRTAC
Yaxın vaxtlarda Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə (MHŞT) tamhüquqlu üzvlüyünün bərpa edilməsi məsələsinə baxılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov məlumat verib. O deyib ki, ötən ilin aprelində Azərbaycanın MHŞT-də statusu namizədlik səviyyəsinə endirilmişdi. Bu yaxınlarda Azərbaycanın yenidən qiymətləndirilməsi prosesinə başlanılacaq. Bu dövr ərzində problemlərin və qaldırılmış məsələlərin əksəriyyəti həll olunub. Yerdə qalan məsələlər üzərində iş gedir.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.