İQTİSADİYYAT
Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə “namizəd ölkə” statusu saxlanılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 24-26-da Qazaxıstanın paytaxtı Astana şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 35-ci iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclas çərçivəsində Azərbaycanın Qiymətləndirilməsinə və MHŞT-dəki statusuna dair müzakirə keçirilib. MHŞT üzrə İdarə Heyəti Azərbaycanda ikinci Qiymətləndirmə zamanı ümumilikdə nəzərəçarpan inkişafın və bir neçə fərdi tələb üzrə mühüm irəliləyişlərin əldə olunduğunu nəzərə alaraq Azərbaycanın “namizəd ölkə” statusunda saxlanılmasına qərar verib.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.