İDMAN


Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilir

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş ənənəvi futbol turniri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnirin açılışında əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayan liseyin rəisi, polkovnik Rüfət Əmirov onlara uğurlar arzulayıb.

Liseyin zabiti, polkovnik-leytenant Kamran Nəsibov qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsinin daim hörmətlə anıldığını vurğulayan K.Nəsibov bildirib ki, liseyin məzunu, Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr edilən futbol turniri artıq bir neçə ildir ənənəvi olaraq keçirilir.

Qeyd olunub ki, erməni işğalçıları torpaqlarımıza hücum edəndə digər vətənpərvər zabitlərimiz kimi Ə.Hüseynov da ağır döyüşlərin getdiyi Qubadlı, Laçın bölgəsinə yollanıb. Şərəfli ömür və döyüş yolu keçən mayor Ə.Hüseynov 1992-ci il noyabrın 1-də üzərinə düşən tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ümummilli lider Heydər Əliyevin 1995-ci il 15 fevral tarixli Fərmanı ilə Ə.Hüseynova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Sonra “Neftçi” komandasının əfsanəvi futbolçusu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov çıxış edərək belə tədbirlərin keçirilməsinin gələcəyin zabitləri üçün böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu bildirib. Bildirib ki, Müdafiə Nazirliyi tərəfindən şəhidlərin xatirəsinə həsr olunan tədbirlər müntəzəm qaydada keçirilir. Bu, şəhidlərin xatirəsinə ən böyük hörmət və ehtiramdır. Gələcəyin zabitləri görürlər ki, torpaq uğrunda şəhid olanlar heç vaxt unudulmur.

“Neftçi” futbol komandasının veteranı, Futbol Veteranları Şurasının sədri Oqtay Abdullayev, beynəlxalq dərəcəli hakim, Regional Futbol Federasiyasının baş katibi Füzuli Nəcəfov, Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasiyev və başqaları çıxışlarında turnir iştirakçılarına uğurlar arzulayıblar.

Turnir oktyabrın 20-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.