CƏMİYYƏT
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 45 illik yubileyi münasibətilə tədbir keçirilmişdir VİDEO
Bakı, 25 aprel (AZƏRTAC. Məhərrəm Əlioğlu). Aprelin 25-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 45 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Hərb Tarixi Muzeyinin, Dağ Yəhudiləri Dini İcmasının, Səbail tank batalyonunun, Suraxanı və Şuşa rayonlarının icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilmişdir.
Sonra Milli Qəhrəmana həsr edilmiş film nümayiş olunmuşdur.
Mərasimdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, rayonda Vətənin azadlığı uğrunda şəhid olanlara, onların ailələrinə, müharibə əlillərinə və veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli proqramlardan biri də “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi”dir. Həmin proqrama əsasən, ötən dövrdə 13 ünvanda 27 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir. Bu gün anım gününə toplaşdığımız Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsi həmin proqrama əsasən abadlaşdırılmışdır.
O, qeyd etmişdir ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir. Onun xatirəsi azərbaycanlıların qəlbində həmişə yaşayacaqdır.
Milli Məclisin deputatı Yevda Abramov çıxışında demişdir ki, Albert sadiq Azərbaycan vətəndaşı idi. Harada doğulmasına, hansı millətə mənsub olmasına baxmayaraq, Albert Vətən qarşısında borcunu yerinə yetirmişdir.
Deputat qeyd etmişdir ki, gələcək nəsillərin tərbiyəsində, məktəblərdə, ali təhsil ocaqlarında, ictimai yerlərdə Albert kimi qəhrəmanlarımızı təbliğ etmək lazımdır. Belə insanlar unudulmamalıdır. Bu gün təkcə Albertin deyil, bütün şəhidlərimizin, qəhrəmanlarımızın doğum günüdür.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirmişdir ki, azsaylı xalqlara Azərbaycandakı qədər yüksək diqqətin yetirildiyi başqa ölkə yoxdur. Biz Albert kimi qəhrəmanlarımızla fəxr edirik. Albert Aqarunov Şuşa uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmişdir. O, hər bir şuşalının, azərbaycanlının doğmasıdır. Gənc nəsil belə qəhrəmanlarımızın igidliyindən örnək götürməlidir.
Mərasimdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Rüfər Əmirovun “Albert Aqarunov - Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanı” mövzusunda məruzəsi dinlənilmişdir.
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev “Azərbaycanda tolerantlıq”, Səbail tank taborunun sabiq komandiri Hacı Əzizov “Səbail tank taborunun keçdiyi döyüş yolu”, Azərbaycan Hərb Tarixi Muzeyinin arxiv-fond ekspozisiya üzrə rəis müavini Lalə Hüseynova “Qarabağ müharibəsi - Azərbaycanın qəhrəmanlıq tarixinin növbəti səhifəsi” mövzularında çıxışlar etmişlər.
Respublika Veteranlar Şurası sədrinin birinci müavini Surxay Tağızadə, Səbail tank taborunun keçmiş döyüşçüsü Ağababa Qasımov və Milli Qəhrəmanın cəbhə yoldaşları çıxış etmiş, Albert Aqarunovun qəhrəmanlığından danışmış, onun əziz xatirəsinin hər bir insanın qəlbində yaşayacağını, rəşadətinin gənclərimiz üçün örnək olduğunu xüsusi qeyd etmiş, xatirələrini danışmışlar.
Bildirilmişdir ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakıda anadan olmuşdur. Suraxanı rayonundakı 154 nömrəli məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnir. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanın Axalkalaki rayonunda yerinə yetirir və orada tank komandiri kimi qulluq edir. Ordudan tərxis olunduqdan sonra Bakıya qayıdaraq Suraxanı maşınqayırma zavodunda işləyir.
Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edir. Albert 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür.