SİYASƏT


Azərbaycanın Milli Qurtuluş Günü ilə bağlı Kuba radiosunda geniş məlumat verilib

Vaşinqton, 13 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Kubanın “Habana Radio” 106.9 FM kanalının dəvəti ilə canlı yayımlanan “Yaşadığımız dünya” radio verilişində iştirak edib.

Veriliş zamanı qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar aparıcıların suallarını cavablandıran C.Salehov, XX əsrdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın ən yaxın tarixindən danışıb, 1991-1992-ci illərdə ölkəmizin məruz qaldığı ictimai-siyasi proseslər və sözügedən dövrdə yaranmış ağır böhran vəziyyətindən bəhs edib. Eyni zamanda, qeyd edilən dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin həyata keçirildiyi və bu münaqişə nəticəsində Azərbaycanın 20 faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırılıb.

C.Salehov müstəqilliyinin ilk illərində dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmış Azərbaycan xalqının belə bir ağır dövrdə ölkəni bu faciəvi böhrandan xilas etmək üçün təkidlə ümummilli lider Heydər Əliyevi respublikada hakimiyyəti öz əlinə almağa çağırdığını qeyd edib. Bildirilib ki, xalqımızın davamlı tələbi, habelə sözügedən dövrdə mövcud hökumət və parlament üzvlərinin israrlı xahişi ilə 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib. Eyni gündə ölkənin böhran vəziyyətindən çıxarılması və müəyyən edilmiş yeni iqtisadi inkişaf prioritetlərinin reallaşdırılması istiqamətində ilk tədbirlərin həyata keçirildiyi Heydər Əliyev tərəfindən bəyan edilmişdir.

Vurğulanıb ki, 1993-cü ilin 15 iyun günü müasir Azərbaycanın tarixində inkişaf dövrünün başlanğıc nöqtəsi olmuşdur. Bu baxımdan, Milli Qurtuluş Gününün ən böyük tarixi əhəmiyyəti məhz böyük dövlət xadimi Heydər Əliyevin müdrik siyasəti və fədakar fəaliyyəti sayəsində Azərbaycanın dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas olması və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsindən ibarətdir. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası və siyasi-iqtisadi kurs ölkəmizin bütün sahələrdə gələcək inkişafını təmin etmişdir.

Müsahibə zamanı aparıcı Arsenio Rodriqez qeyd edib ki, həqiqətən də, müstəqil Azərbaycanda çox böyük dəyişikliklərin baş verdiyinə şahid oluruq, o cümlədən hazırda bu ölkə irimiqyaslı beynəlxalq tədbirlərin mərkəzinə çevrilmişdir. O, belə bir qısa müddətdə bu nailiyyətlərin əldə edilməsinin xüsusi maraq doğurduğunu vurğulayıb.

Bu xüsusda Azərbaycanın iqtisadi inkişaf istiqamətləri və prioritetləri barədə məlumat verən C.Salehov bildirib ki, hazırda Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olaraq, sözün əsl mənasında müstəqil daxili və xarici siyasət yürüdən, dünya birliyinin tam və bərabər hüquqlu, beynəlxalq aləmdə güclü mövqelərə malik olan demokratik və nüfuzlu dövlətə çevrilmişdir. Qeyd edilib ki, bu faktlar öz növbəsində Azərbaycanın Milli Qurtuluş Gününün tarixi mahiyyətindən xəbər verir.

Veriliş zamanı digər aparıcı Enrike Roman misal olaraq “Əli və Nino” filmindən söz açaraq, Azərbaycanda tarixən digər xalqlara, o cümlədən müxtəlif dinlərin nümayənədələrinə olan münasibətin heyrətamiz olduğunu söyləyib. C.Salehov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi haqda ətraflı məlumat verib və Azərbaycan xalqına məxsus qədim tolerantlıq ənənələrindən bəhs edib.

Daha sonra aparıcıların suallarına cavab olaraq C.Salehov Azərbaycan ilə Kuba arasında ikitərəfli münasibətlərin mövcud durumu və səfirlik tərəfindən həyata keçirilən müxtəlif siyasi-mədəni tədbirlərdən bəhs edib. Ölkələrimiz arasında tarixən uğurlu siyasi əməkdaşlığın mövcud olduğu qeyd edilib, mədəniyyət və idman sahələri ilə yanaşı, iqtisadi-ticarət əlaqələrinin də genişləndirilməsinin vacibliyi vurğulanıb.

Veriliş ərzində Şövkət Ələkbərova (“Cənnətim Qarabağ”), Rübabə Muradova (“Heydər Babaya salam”) və gənc xanəndə Ayşən Mehdiyevanın ifasında (“Gözəl Vətən”) Azərbaycanın bəstəkar mahnılarından ibarət musiqi parçaları səsləndirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.