İQTİSADİYYAT
Azərbaycanın Milli iqtisadiyyatın strateji yol xəritəsi barədə Malayziyada keçirilən beynəlxalq tədbirdə məlumat verilib
Bakı, 12 dekabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının dəvəti ilə Malayziyanın paytaxtı Kuala-Lumpura səfər edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində V.Qasımlı “İnklüziv inkişaf üçün layiqli iş” mövzusunda beynəlxalq tədbirdə iştirak edib. O, tədbirin ilk günündə “Makroiqtisadi perspektivlər və inklüziv inkişaf üçün şəraitin yaradılması” mövzusunda sessiyaya rəhbərlik edib. Bu sessiya çərçivəsində İİTKM-in icraçı direktoru Prezident İlham Əliyevin təsdiqlədiyi Milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məlumat verərək, Azərbaycan təcrübəsinin Asiyanın inkişaf etməkdə olan ölkələrində yayılmasının zəruriliyini vurğulayıb. Xüsusilə, makroiqtisadi çağırışlar və qlobal şoklarla üzləşən ölkələrdə inkişaf strategiyasının qurulması baxımından Azərbaycan təcrübəsinin əhəmiyyəti qeyd olunub.
Tədbirin növbəti günündə V.Qasımlı “Azərbaycan: Yeni iqtisadi paradiqma” mövzusunda məruzə ilə çıxış edərək, ölkədə aparılan iqtisadi islahatlar və bunun layiqli iş yerlərinin yaradılmasına verəcəyi səmərə barədə danışıb.