QAN YADDAŞI
Azərbaycanın Misirdəki səfirliyi azərbaycanlıların soyqırımı barəsində KİV-lərdə bəyanat yaymışdır
Qahirə, 1 aprel (AZƏRTAC). Azərbaycanın Misirdəki səfirliyi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaymışdır. Bəyanat Misirin bir sıra aparıcı elektron nəşrlərində dərc olunmuşdur.
Bəyanatda son iki əsrdə erməni millətçilərinin və onların tərəfdarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törətdikləri soyqırımı haqqında, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın düçar edildiyi ağır sınaqlar barəsində məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu təcavüzkar siyasətin məqsədi ərazi iddialarından, azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və Azərbaycan ərazilərini zəbt etməkdən ibarətdir.
Yerli KİV-lərdə dərc olunmuş və tarixi materiallar əsasında hazırlanmış məqalələrdə ötən əsrin əvvəllərində Azərbaycanın müxtəlif regionlarında baş vermiş hadisələr, 1905-1907-ci illərin qanlı faciələri, 1918-1920-ci illərin soyqırımı, 1948-1953-cü illərin deportasiyası və tariximizin faciəvi səhifələri ilə bağlı digər arxiv faktları barəsində məlumatlar verilmişdir. Yazılarda həmçinin Azərbaycan xalqına qarşı açıq təcavüz və erməni terrorçularının dəhşətli cinayətləri ilə müşayiət olunan düşmənçilik siyasəti haqqında məlumatlar dərc edilmişdir. Bu cinayətlər sırasında ötən yüzillikdə bəşəriyyətə qarşı ən amansız cinayət hesab olunan Xocalı faciəsi də vardır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbir
Qahirə