SİYASƏT
Azərbaycanın Misirdəki səfirliyində Respublika Günü qeyd olunub
Qahirə, 22 may, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyində Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Misirin ictimai-siyasi xadimləri, elmi dairələrin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin Qahirə, Ayn-Şəms və Əl-Əzhər universitetlərinin tələbələri, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Şahin Abdullayev 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqin ilk demokratik respublikası olduğunu qeyd edib.
SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikasının yenidən öz müstəqilliyinə qovuşduğunu deyən səfir ölkəmizin son illər ərzində sürətlə inkişaf etdiyini vurğulayıb, onun qarşısında duran əsas problemin Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bildirib.
1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir hakimiyyətin qısa müddətdə bir neçə dəfə dəyişdiyini, daxildən və xaricdən bir çox təzyiqlər olduğunu, nəhayət, 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin başlandığını vurğulayıb. Məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlətin əsaslarının gücləndiyi, işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşma əldə olunduğu, 1994-cü ildə dünyanın aparıcı neft şirkətlərinin iştirak etdiyi “Əsrin müqaviləsi”nin imzalandığı Misir ictimaiyyətinin diqqətinə çatdırılıb.
Sonra Misirin ictimai-siyasi xadimləri çıxış edərək Misir-Azərbaycan münasibətlərindən, mayın 18-19-da Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən, “Bakı-2015” ilk Avropa Oyunlarından bəhs ediblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə