SİYASƏT


Azərbaycanın Müstəqillik Günü Parisdə qeyd edilib

A+ A

Paris, 3 noyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar qəbul təşkil olunub.

Tədbirdə Fransada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, senatorlar, deputatlar, məşhur aktyor və rejissor Robert Hüseyn, istedadlı rəssam Məryəm Ələkbərli, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Fransadakı səfirimiz Elçin Əmirbəyov tədbiri giriş sözü ilə açaraq 1991-ci il oktyabrın 18-də ölkəmizin müstəqilliyinə yenidən qovuşduğunu və müasir Azərbaycanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirib. Dövlətçilik tariximiz haqqında məlumat verən diplomat xalqımızın daim müstəqillik arzusu ilə yaşadığını vurğulayıb. Müstəqilliyin ilk illərində ölkənin siyasi, iqtisadi və sosial böhranlarla, eləcə də Ermənistanın təcavüzü ilə üzləşdiyini bildirib.

Qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlişi ilə ölkədə vəziyyət dəyişib. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində Azərbaycan davamlı inkişaf mərhələsinə qədəm qoyub, xarici əlaqələr genişləndirilib, Ermənistanla atəşkəs sazişi imzalanıb, ölkədə demokratikləşmə prosesi başlayıb, neft strategiyasının əsası qoyulub. Azərbaycan Qafqazın ən inkişaf etmiş ölkəsinə çevrilib.

Ancaq bütün səylərə baxmayaraq Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması təəssüf hissi ilə qeyd edilib. Münaqişənin həlli üçün yaradılan Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarının heç bir nəticə vermədiyi vurğulanıb. Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə, ədalətin bərpa olunacağına, qanunsuz işğala son qoyulacağına ümid etdiyi bildirilib.

Diplomat vurğulayıb ki, demokratiya, dünyəvilik və multikulturalizm Azərbaycan siyasətinin əsas istiqamətləridir. Ölkə mədəniyyətlər və dinlərarası dialoq platformasına çevrilib.

Bu gün Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirdiyi diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində Azərbaycanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, tanınmış pianoçu Murad Hüseynov dünya şöhrətli bəstəkarların əsərlərini ifa edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.