SİYASƏT


Azərbaycanın Pakistandakı səfiri bu ölkənin Waqt Tv televiziya  kanalının “Embassy Road” proqramına müsahibə verib

İslamabad, 10 iyul, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin “Waqt Tv” televiziya kanalının “Embassy Road” proqramına müsahibə verib.

Səfir Azərbaycan-Pakistan münasibətlərinin ötən dövr ərzində hər iki ölkə rəhbərlərinin diqqət və qayğısı nəticəsində inkişaf etdiyini diqqətə çatdırıb.

Diplomat Azərbaycan ilə Pakistan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, həyata keçirilmiş uğurlu layihələr haqqında tamaşaçılara məlumat verib, əlaqələrin perspektivləri haqqında danışıb. Əli Əlizadə ticarət-iqtisadi, enerji sahələrində əməkdaşlığın artırılması istiqamətində aparılan işlər, Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal layihələr haqqında danışıb, pakistanlı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes şəraitindən, sənaye və texnoloji parkların güzəştli imkanlarından yararlanmağa dəvət edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təcavüzkar dövlətin təmas xəttindəki təxribatları, Xocalı soyqırımı haqqında məlumat verən səfir ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında İslam abidələrini, o cümlədən məscidləri, ziyarətgahları məhv etdiyini və ya təhqirə məruz qoyduğunu diqqətə çatdırıb. Azərbaycanın erməni terrorizmi və ekstremizmindən hələ də əziyyət çəkən bir ölkə olduğunu qeyd edən səfir dünya ölkələrinin, xüsusən İslam ölkələrinin dəstəyinin, münaqişəyə ədalətli yanaşmasının önəmli olduğunu vurğulayıb, Azərbaycan torpaqlarının işğal etməsinə görə Pakistanın Ermənistanı bir dövlət kimi tanımamasının yüksək qiymətləndirildiyini bildirib.

Səfir ikitərəfli əlaqələrə və regional məsələlərə dair aparıcının digər suallarını cavablandırıb, Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25-ci ildönümü ilə bağlı Pakistan xalqına təbriklərini və xoş arzularını çatdırıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.