MƏDƏNİYYƏT


Azərbaycanın Pakistandakı səfirliyi xeyriyyə tədbirində iştirak edib

A+ A

İslamabad, 28 noyabr, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyası tərəfindən İslamabad şəhərində təşkil olunan xeyriyyə bazarında iştirak edib.

İyirmi iki xarici ölkənin Pakistanda fəaliyyət göstərən səfirlikləri, habelə bu ölkənin yerli müəssisə və şirkətlərinin iştirakı ilə təşkil olunan xeyriyyə bazarında müxtəlif ölkələrin milli-mənəvi dəyərləri, iqtisadi və turizm potensialı nümayiş etdirilib.

Tədbirin açılış mərasimində keçirilən “Ölkələr paradı”nda iştirakçı dövlətlərin adları çəkilib. Diplomatlarımızın milli geyimdə olan övladları Azərbaycan bayrağını səhnəyə gətiriblər.

Mərasimdə Pakistanın birinci xanımı Mahmudə Məmnun Hüseyn çıxış edərək bildirib ki, Qadınlar Assosiasiyasının xeyriyyəçilik tədbiri ümumbəşəri dəyərləri və xalqların bir-biri ilə mehriban davranmasını əks etdirir.

Pakistan XİN Qadınlar Assosiasiyasının prezidenti Najia Ahmad tədbirin məqsədi barədə məlumat verib və səfirliklərə təşəkkürünü bildirib.

Pakistanın xarici işlər katibi Ayzaz Çodri Assosiasiyanın ötən illərdə ölkənin təbii fəlakətlərdən zərər çəkmiş insanlarına yardım etdiyini, bu il də öz nəcib missiyasını reallaşdırmaq əzmində olduğunu bildirib.

Xeyriyyə bazarında Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın sosial-iqtisadi inkişafı, turizm potensialı, Azərbaycan-Pakistan əlaqələri, görkəmli şəxsiyyətləri, Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, fotoşəkillər nümayiş etdirilib. Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı materiallar, milli musiqi alətləri, suvenirlər, Nizami Gəncəvinin məqbərəsi, İçərişəhər, Möminə Xatun türbəsi, Qız qalası, Şəki xanlarının sarayının maketləri göstərilib. Qonaqlara milli yeməklərimiz, həmçinin şirniyyatlarımız təklif edilib.

Xatırladaq ki, xeyriyyə bazarından əldə edilən vəsait əhalinin imkansız təbəqəsinə sərf olunacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.