İQTİSADİYYAT
Azərbaycanın Portuqaliya ilə enerji sahəsində əməkdaşlığı üçün böyük imkanlar var
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycanın energetika naziri Natiq Əliyev Portuqaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jorj Kabralın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın qlobal enerji məkanında mövqeyi və Avropanın enerji təhlükəsizliyini təmin edəcək “Cənub” qaz dəhlizinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə danışan N.Əliyev deyib: “Neftin qiymətinin ucuzlaşması belə iri layihələrin icrasına təsir etməyib”.
Nazir bildirib ki, Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli olmaqla yanaşı, Türkiyə, Gürcüstan və bir sıra ölkələrin timsalında həm də investisiya ixracatçısı kimi mühüm layihələrə imza atır. O, Portuqaliya ilə də enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Bu məqsədlə “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Portuqaliya Respublikasının Ətraf Mühit, Planlaşdırma və Enerji Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının və Ticarət-İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın yaradılmasının vacibliyi qeyd olunub.
Səfir Jorj Kabral deyib ki, Portuqaliya hökumətinin məqsədi ölkənin enerji asılılığını qismən azaltmaq, bu sahədə səmərəliliyi artırmaq və enerji təhlükəsizliyini bərpa etməkdir. Portuqaliyanın, əsasən günəş, külək, geotermal, su və biokütlə enerjisindən istifadə etdiyini deyən səfir bildirib ki, Azərbaycan və Portuqaliyanın iş adamları bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər.
Qeyd edilib ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın Portuqaliya ilə ticarət dövriyyəsinin həcmi 176,52 milyon ABŞ dolları olub. Gələcəkdə biznes-forum və işgüzar görüşlərin keçirilməsi isə iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynaya bilər.