SİYASƏT


Azərbaycanın Qırğızıstandakı diaspor təşkilatları beynəlxalq qurumlara müraciət ünvanlayıb

Bakı, 7 iyul, AZƏRTAC 

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və “Xəzər” İssık-Kul Azərbaycanlıları İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat ilə əlaqədar keçirdiyi tədbirdə beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin liderlərinə müraciət ünvanlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistan təcavüzkarlıq siyasətini bu gün də davam etdirməkdədir. Ermənistanın hərbi-siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəfə alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli fəaliyyətdən çəkinmir.

Müraciət müəllifləri Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatı qətiyyətlə pisləyərək və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünyanın aparıcı dövlətlərinin liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırıblar.

Müraciətdə, həmçinin bildirilir: “Ötən ilin aprel ayında qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatlar zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının ordu və dövlətlə birliyini, qalibiyyət əzmini, haqq-ədalətin bərpası, Vətən torpağı uğrunda canından keçməyə hazır olduğunu bütün dünya gördü. Biz indi də Ali Baş Komandan, Prezident İlham Əliyevin yanındayıq, istənilən vaxt əlimizə silah götürüb düşməndən qisas almağa, işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.