SİYASƏT


Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu bu şəhərin qanunvericilik orqanının sədri ilə görüşüb

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Mariinski sarayında Sankt-Peterburqun qanunvericilik orqanının sədri Vyaçeslav Makarovla görüşüb. Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, görüş qanunvericilik orqanının sədrinin dəvəti ilə baş tutub.

V.Makarov baş konsula Sankt-Peterburqun qanunvericilik orqanının strukturu və daimi komissiyalarının fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Azərbaycanla Rusiyanı qardaşlıq münasibətləri birləşdirir. Bu münasibətlərin xalqların rifahı naminə qorunması vacibdir. Sankt-Peterburqun çoxmillətli şəhər olduğunu deyən Vyaçeslav Makarov burada sayca ən böyük diasporlardan birinin Azərbaycan diasporu olduğunu, azərbaycanlıların iqtisadiyyatla yanaşı, cəmiyyətin mədəni həyatında da fəal iştirak etdiklərini vurğulayıb. Azərbaycan-Rusiya münasibətlərinin tarixinə nəzər salan V.Makarov ümummilli lider Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyev SSRİ rəhbərliyində işlədiyi zaman öz müdrikliyi və yüksək peşəkarlığı ilə hər kəsi valeh etmişdi. Mixail Qorbaçovun səriştəsizliyi barədə danışan qanunvericilik orqanının rəhbəri qeyd edib ki, SSRİ-nin çətin dövründə ölkə rəhbəri vəzifəsində məhz Heydər Əliyev kimi görkəmli dövlət xadimi olsaydı, nəhəng ittifaq süquta uğramaz və bir çox fəlakətlər baş verməzdi.

Baş konsul Sultan Qasımov Rusiya Federasiyası Qanunvericilik Məclisinin sədrinə görüşə görə təşəkkürünü bildirib. O, Azərbaycanla Rusiya arasındakı münasibətlərin tarixi əlaqələr və mehriban qonşuluq siyasəti üzərində qurulduğunu və dostluq münasibətlərinin iki dövlət başçısı səviyyəsində davam etdirildiyini diqqətə çatdırıb. Diplomat Rusiya dövlətinə və xalqına hörmət bəslədiyini, Rusiya tərəfindən də Azərbaycanla bağlı isti münasibət gördüyünü bildirib. Baş konsul işində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafına və dostluq əlaqələrinin möhkəmlənməsinə böyük məsuliyyətlə yanaşdığını vurğulayıb.

Görüşdə tərəflər arasında iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsi mövzusunda fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.