İDMAN
Azərbaycanın U-17 millisinin Qazaxıstandakı çıxışı yüksək qiymətləndirilib
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də AFFA-nın baş katibi Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanda keçirilmiş “Prezident kuboku” turnirindəki çıxışı ilə bağlı hesabat müzakirə olunub, yığmanın çıxışı müsbət qiymətləndirilib. U-17-nin növbəti turnirlər üçün 10 aylıq hazırlıq planının tərtib olunması qərara alınıb.
Şahin Diniyevin “Kəpəz” klubuna baş məşqçi təyin olunması ilə əlaqədar Məşqçilər Komitəsində yaranmış vakant yerə komitə tərəfindən Əsgər Abdullayevin namizədliyi irəli sürülüb.
Məşqçilər Komitəsində işlərin çoxluğu ilə əlaqədar Şakir Qəribovun komitədə fəaliyyətini davam etdirməsi qərara alınıb.
Azərbaycanın U-17 millisi Qazaxıstanda təşkil olunan yarışı ikinci pillədə başa vurub.