İDMAN
Azərbaycanın U-21 komandası Finlandiya yığması ilə qarşılaşıb
Bakı, 13 oktyabr, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanın gənclərdən ibarət milli komandası oktyabrın 13-də növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da millimiz Finlandiya yığmasını qəbul edib. Qarşılaşma 1:0 hesabı ilə finlandiyalı futbolçuların xeyrinə başa çatıb. Serbiyalı baş hakim Milan İliçin idarə etdiyi oyunda yeganə qolu matçın 80-ci dəqiqəsində Fredrik Lassas vurub.
Azərbaycan bu seçmə mərhələyə Farer adaları üzərindəki səfər qələbəsi ilə başlayıb. Amma sonradan Yaşar Vahabzadənin başçılıq etdiyi komanda Avstriyaya və Almaniyaya uduzub.
Finlandiya isə Rusiya və Farer adalarına qalib gəlsə də, Almaniyaya uduzub. Hazırda 7-ci qrupda Finlandiya yığması 9 xalla ikinci, millimiz isə 3 xalla dördüncü pillədə qərarlaşıb.
Bu gün, həmçinin yeddinci qrupda Farer adaları öz meydanında Almaniya ilə üz-üzə gələcək.