SİYASƏT
Azərbaycanın Ukraynadakı səfirliyində referendumla bağlı “qaynar xətt” fəaliyyət göstərir
Kiyev, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycan səfirliyində Ukraynada daimi yaşayan və ya ezamiyyətə olan həmvətənlərimiz üçün 17 saylı Yasamal 3-cü seçki dairəsinin nəzdində 50 saylı seçki məntəqəsi yaradılıb. Məntəqə yerli vaxtla saat 08:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Ölkəmizin Ukraynadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, seçki prosesi üçün bütün lazımi şərait yaradılıb.
Səfirliyin saytında və Ukrayna Müstəqil Xəbər İnformasiya Agentliyinin (UNİAN) portalında səsvermənin vaxtı, səfirliyinin ünvanı, seçici iradəsinin ifadəsi üçün tələb olunan sənədlərin siyahısı və digər məlumatlar yerləşdirilib. Bundan əlavə, səfirlikdə “qaynar xətt” fəaliyyət göstərir. Onun vasitəsilə diplomatlarımız qarşıdakı referendumla bağlı Azərbaycan vətəndaşlarını maraqlandıran bütün sualları cavablandırırlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev