MƏDƏNİYYƏT
Azərbaycanın Xalq Artisti Moskva Konservatoriyasında konsert proqramı ilə çıxış edib
Moskva, 21 oktyabr, AZƏRTAC
Azərbaycanın Xalq Artisti Murad Adıgözəlzadə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında konsert proqramı ilə çıxış edib.
Murad Adıgözəlzadə Rusiyanın tanınmış pianoçusu Mixail Lidski ilə birlikdə Vladimir vilayəti Qubernator simfonik orkestrinin müşayiəti ilə Motsartın iki fortepiano və orkestr üçün 7 və 10 nömrəli konsertlərini ifa edib. Yüksək ustalıq və incə məharətlə ifa olunan konsert Moskva sənətsevərləri tərəfindən hərarətlə qarşılanıb.
Murad Adıgözəlzadə Moskvaya Vladimir şəhərində uğurla başa çatan konsertindən sonra gəlib. Vladimir şəhərinin Klassik Musiqi Mərkəzində baş tutan konsertdə də Motsartın əsərləri səslənib.
Xatırladaq ki, Bakı klassik musiqi həvəskarları Murad Adıgözəlzadə və Mixail Lidski tandemi ilə artıq tanışdırlar. İki musiqiçinin 2014-cü ildə Bakı Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə parlaq ifası yaddaqalan olmuşdu.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva