MƏDƏNİYYƏT


Azərbaycanın Xalq Artisti, hazırda İsraildə yaşayan Dina Tumarkina Bakıya gəlir

Bakı, 26 may, AZƏRTAC

İyunun 2-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Xalq Artisti, hazırda İsraildə yaşayan Dina Tumarkina ilə görüş keçiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, tədbir İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) birgə təşkilatçılığı ilə reallaşacaq.

Dina Tumarkina 1932-ci ildə Odessada anadan olub, 1955-ci ildə Bakıya gəlib. Bakılıların sevimli aktrisası 1990-cı ilin əvvəlində İsrailə köçüb. Yaxın vaxtlaradək peşəkar fəaliyyətini davam etdirmiş aktrisa hazırda “Azİz” Assosiasiyası ilə fəal əməkdaşlıq edir. Dina Tumarkina bu yaxınlarda İsrailin Afula şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin qonağı olub, sevdiyi şairlərin, o cümlədən Nizami Gəncəvinin, Səməd Vurğunun, Rəsul Rzanın şeirlərini oxuyub.

O, Natalya Puşkina (“Komandorun addımları”) roluna görə Dövlət mükafatına layiq görülüb. Aktrisa E.Ryazanov və E.Braginskinin “Taleyin istehzası və ya həmişə təmizlikdə” pyesində Nadya, Aleksandr Volodinin “İsanın anası” pyesində baş rolu, Anarın “Şəhərin yay günləri”ndə Dilarə, İ.Əfəndiyevin “Büllur sarayda” tamaşasında Qönçə xanım və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. Yaradıcılığı boyu 150-dək rolda çıxış edib. İsraildə müxtəlif teatrlarda 11 rol oynayıb, bunlardan 6-sı ivrit dilindədir. Dina Tumarkinanın yaradıcılığı Rus Dram Teatrı tarixinin bir hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.