SİYASƏT
Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın ölkəmizdəki səfirinə etiraz notası təqdim edib VİDEO
Bakı, 20 may, AZƏRTAC
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin Fransaya səfəri məsələsinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin mayın 17-19 -da Fransaya səfəri ilə əlaqədar Fransanın Azərbaycan Respublikasındakı səfiri Paskal Mönye mayın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Fransa səfirinə etiraz notası təqdim edilib.
Nazir müavini Xələf Xələfov tərəfindən bu kimi faktların, eləcə də Fransa Milli Məclisinin deputatlarının bu ilin mayın 3-də qondarma rejimin “parlament”inə keçirilmiş “seçkilər”də “müşahidəçi” kimi iştirakının Azərbaycan ilə Fransa arasında inkişaf etməkdə olan dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna, eləcə də Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xələl gətirdiyi qeyd olunub.
İkili standartların təzahürü kimi qiymətləndirilən bu cür halların Azərbaycan ilə Fransa arasındakı münasibətlərin mövcud vəziyyətinə də mənfi təsir etdiyi diqqətə çatdırılıb.
Səfir Paskal Mönye təqdim olunan notanın və Azərbaycanın ciddi narahatlığının ölkəsinə çatdırılacağını bildirib.