CƏMİYYƏT
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ukraynanın dövlət ordeninə layiq görülüb
Kiyev, 21 noyabr, AZƏRTAC
Ukrayna Prezidenti Petro Poroşenkonun Sərəncamına əsasən bu ölkədə aqrar islahatların inkişafında yüksək xidmətləri olan bir qrup şəxs “Dövlətə xidmət” ordeni ilə təltif edilib.
Təltif olunanlar arasında Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov da var. O, Sumı vilayətində həyata keçirilən aqrar islahatların və aqrar-sənaye komplekslərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “3-cü dərəcəli dövlətə xidmət” ordeninə layiq görülüb.
1992-ci ildən Ukraynada yaşayan Əfqan Salmanov Sumı vilayətində nümunəvi aqro-sənaye kompleksi yaradaraq bölgədə aqrar islahatların həyata keçirilməsinə səmərəli töhfələr verib.
Azərbaycanla Ukrayna arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişafında səmərəli xidmətləri olan Əfqan Salmanov 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu təyin edilib.
Zeynal Ağazadə
AZƏRTAC- ın xüsusi müxbiri
Kiyev