SİYASƏT
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov vilayət uşaq evində olub
Xarkov, 17 dekabr, AZƏRTAC
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Donetsk və Luqansk vilayətlərindən olan köçkün uşaqların yaşadıqları vilayət uşaq evinə baş çəkib.
Həmvətənimiz bu sosial müəssisəyə məişət aparatları, xalçalar, uşaqlara isə çoxlu gözəl oyuncaqlar və şirniyyatlar hədiyyə edib.
Fəxri konsul deyib: “Ukraynadakı mürəkkəb siyasi və iqtisadi vəziyyətdə xeyriyyəçilik tədbirlərinin keçirilməsi, əhalinin sosial cəhətdən müdafiə olunmayan təbəqələrinə, ilk növbədə uşaqlara və yaşlı insanlara xeyirxahlıq göstərilməsi zəruridir. Valideyn himayəsindən məhrum olmuş uşaqların minnətdarlıq dolu gözlərinə, onların sevinc dolu çöhrələrinə baxanda anladım ki, bu gün xeyirxahlıq həmişəkindən daha vacibdir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov