İDMAN


Azərbaycanın “Zəfər günləri” davam edir

Bakı, 15 may, AZƏRTAC 

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən təşkil olunan “Zəfər günləri” adlı xüsusi tədbir davam edir.

AZƏRTAC xəbər verir ki, mayın 15-də də MOK-un binasının qapıları IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlara sevinən, qaliblərlə görüşmək istəyən və “Bakı-2017” kimi tarixi hadisənin şahidi olmağa can atan insanların üzünə açılıb.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, idmançılarımız mayın 14-də komanda idman növlərində də uğurlar qazanıblar. Azərbaycanın qızlardan ibarət həndbol komandası yarışların ikinci günündə öz parlaq qələbəsi ilə tarix yazıb.

Qalibləri təbrik edən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, idmançılarımız hər bir idman növündə uğurlar qazanıblar. Olimpiadaçılarımızın, paralimpiyaçılarımızın yarışlarda komanda şəklində çıxış etmələri isə sevindirici haldır. O, sonrakı günlərdə də atletlərimizin qələbə qazanacaqlarına, Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlarına inamını ifadə edib.

Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub.

Proqrama uyğun olaraq, medalçılar xüsusi quraşdırılmış stendə öz ürək sözlərini yazıblar.

“Zəfər günləri” incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, “Zəfər günləri” Oyunların keçiriləcəyi hər gün təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.