ELM VƏ TƏHSİL
Azərbaycanın ali məktəbi Asiya-Sakit Okean Turizm Assosiasiyası ilə əməkdaşlığı möhkəmləndirir
Bakı, 31 may, AZƏRTAC
Şri-Lankanın Negombo şəhərində Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) “Məhv olunma. İnnovasiya. Transformasiya: Turizmin gələcəyi” adlı növbəti zirvə toplantısı keçirilib. Toplantı öz işinə Şri-Lankanın turizm naziri Con Amaratunganın, BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifainın, PATA-nın sədrləri Andrü Cons və Paddi Vithananın açılış nitqləri ilə başlayıb. Sessiyalar, panel müzakirələr, debatlar, tur-ekskursiyalar formatında təşkil edilən illik tədbirin başlıca məqsədi turizm sahəsinin peşəkar liderlərinin iştirakı ilə mövcud turizm bazarının yenidən qurulmasına təkan verən innovativ ideyalar ətrafında fikir mübadiləsi aparmaq olub.
Tədbir iştirakçısı, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Faina Qaçabəyova AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, zirvə toplantısının davam etdiyi günlərdə Kolombo şəhərinə təşkil olunmuş tur-ekskursiya zamanı Şri-Lanka və onun çoxəsrlik mədəniyyəti haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, zəngin tarixi və qədim mədəniyyəti ilə tanınmış Şri-Lanka əhalisinin dil, din, yaşam tərzindəki fərqliliyə baxmayaraq, bu ölkə tolerantlıq və qarşılıqlı hörmətə əsaslanan birgəyaşayış qaydalarını qoruyub saxlamaqdadır. O deyib ki, toplantıda dünyanın 39 ölkəsi üzrə 191 təşkilatdan 406 nəfər iştirak edib. Zirvə toplantısının əksər iştirakçıları qarşıdakı illərdə də ATMU ilə PATA arasında əməkdaşlığın davamlı və səmərəli olacağına inam ifadə ediblər.
Qeyd edək ki, bu beynəlxalq tədbirin “Davamlılıq və ictimai məsuliyyət” adlı bölmə iclasında F.Qaçabəyovun “Ekologiyanın qorunması və davamlılığının təmin olunması” mövzusunda məruzəsi geniş müzakirələrə səbəb olub.