İDMAN


Azərbaycanın altı idmançısı İslamiadanın uşu yarışlarının yarımfinalında mübarizə aparacaq

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarına start verilib. Yarışın ilk günündə Azərbaycanın altı idmançısı yarımfınala adlayıb.

AZƏRTAC xəbər verir ki, mübarizəyə dörddəbir finaldan başlayan Avropa çempionu Orxan Hətəmov (48 kq) İordaniya idmançısı Ammar Alşamini 2:0 məğlubiyyətə uğradaraq növbəti mərhələyə yüksəlib.

III İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, üçqat Avropa çempionu Elçin Eminov (56 kq) isə qırğızıstanlı Avazbek Amanbekovdan üstün olub (2:0) və adını yarımfinala yazdırıb.

Çempionluq uğrunda mübarizəni davam etdirən digər idmançımız isə 60 kiloqram çəki dərəcəsində çıxış edən, III İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Ruslan Pirəliyev olub. O, bu mərhələdə Pakistan idmançısı Abdullah Abdullahı mübarizədən kənarlaşdırıb – 2:1.

Azərbaycan çempionu, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov (65 kq) da adını yarımfinala yazdırmağı bacarıb. Dörddəbir finalda iordaniyalı Yazeed Hasanain üzərində inamlı qələbə qazanan Olimpiya mükafatçımız növbəti mərhələdə finala vəsiqə uğrunda yarışacaq.

Yarışda 70 kiloqram çəki dərəcəsində çıxış edən Vüqar Kərəmov səkkizdəbir finalda əfqanıstanlı Ahmed Zaker Bakşini mübarizədən kənarlaşdırıb. Dörddəbir finalda isə türkmənistanlı Səlahəddin Bayramov üzərində 2:0 hesablı qələbə qazanan idmançımız adını yarımfinala yazdırıb.

Pərviz Abdullayev (75 kq) də ümidləri doğruldub. İdmançımız əvvəlcə türkmənistanlı Rehmet Ovezberdiyevi, daha sonra isə Türkiyə idmançısı İsmail Uzuneri (2:0) mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib.

Beləliklə, IV İslam Həmrəyliyini Oyunlarının uşu yarışında mübarizəyə qoşulan 6 idmançımızın hamısı yarımfinal mərhələsinə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.