İQTİSADİYYAT


Azərbaycanın aqrar sahədə gördüyü işlər digər ölkələr üçün nümunədir

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin birgə təşkilatçılığı ilə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) fəaliyyətə başlamasına həsr olunmuş seminar və FATP-ın Rəhbər Komitəsinin ilk iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin, FAO-nun Azərbaycandakı, eləcə də Avropa və Mərkəzi Asiya üzrə alt-regional ofislərinin nümayəndələri iştirak ediblər.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev tədbirdə çıxış edərək Azərbaycanın aqrar sektorda son illərdə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib, ölkəmiz ilə FAO arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edib. Nazir müavini deyib: “Aqrar sahənin inkişafı ilə əlaqədar dövlət siyasətinin əsas istiqamətləri ərzaq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, ərzaq təhlükəsizliyini gücləndirmək və ixrac potensialını artırmaqla əsas ixracatçı ölkələr sırasına yüksəlməkdir”.

FAO-nun ölkəmizdəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Azərbaycan Hökumətinin bu qurumun respublikamızda fəaliyyətinin həyata keçirilməsi istiqamətində göstərdiyi mütəmadi dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, FAO-nun bir sıra regional və beynəlxalq tədbirlərində Azərbaycanda görülən işlər digər ölkələrə nümunə kimi təqdim olunur və ölkə təcrübəsi diqqətlə izlənilir. Bu baxımdan, layihələrin icrasına nəzarət olunmasına və gələcək fəaliyyətlərin planlaşdırılmasına FATP çərçivəsində təsis olunmuş Rəhbər Komitənin böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra beynəlxalq ekspertlər tərəfindən FAO-nun strateji məqsədləri və əməkdaşlıq vasitələri, Mərkəzi Asiyada kənd təsərrüfatının inkişafı, FATP-ın prioritetləri və Əməliyyat Çərçivəsi haqqında təqdimatlar edilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin ikinci hissəsində Rəhbər Komitənin ilk iclası keçirilib, üzvlərin və müşahidəçilərin iştirakı ilə FATP-ın Əməliyyat Çərçivəsi sənədinin layihəsinə dair geniş fikir mübadiləsi aparılib və konsensus əsasında təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.