ELM VƏ TƏHSİL
Azərbaycanın bədii fikir tarixində Vaqif mərhələsi
Bakı, 21 iyun, P.İmanova, AZƏRTAC
İyunun 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Molla Pənah Vaqifin söz dünyası və məktəbi” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, akademik Rafael Hüseynov tədbirin Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin üç yüz illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən təşkil edildiyini bildirib.
Diqqətə çatdırılıb ki, hələ keçmiş sovet dövründə ümummilli lider Heydər Əliyevin rəhbərlyi ilə dahi söz ustadının anadan olmasının 250 illiyi ölkəmizdə dövlət səviyyəsində təntənə ilə qeyd edilib. Ulu Öndərin və ölkənin tanınmış elm və mədəniyyət xadimlərinin iştirakı ilə Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. Bu sahədə dövlətimizin başçısının müvafiq Sərəncamını yüksək dəyərləndirən akademik hazırda şairin yubileyi ilə bağlı ölkəmizin müxtəlif elm və mədəniyyət ocaqlarında tədbirlərini keçirildiyini bildirib.
R.Hüseynov Azərbaycan ədəbiyyatında görkəmli söz ustadının həyat və fəaliyyəti ilə bağlı aparılan tədqiqatlardan söz açıb, Vaqifin şeirlərinə müxtəlif mahnıların bəstələndiyini, onun yaradıcılığının müxtəlif istiqamətlərində rəssamlar tərəfindən gözəl əsərlərin çəkildiyini söyləyib.
Diqqətə çatdırılıb ki, Ədəbiyyat Muzeyindəki zallardan biri M.P.Vaqifin adını daşıyır və burada şairin həyatı, fəaliyyəti, yaradıcılığı, yaşadığı mühit ilə bağlı zəngin materiallar toplanıb. Muzeyin Qarabağ filialının fəaliyyətində və araşdırmalarında da Vaqifin yaradıcılığı xüsusi yer tutur.
Sonra akademik R.Hüseynov “Azərbaycanın bədii sözündə Vaqif mərhələsi” mövzusunda məruzə ilə çıxış edib, dahi sənətkarın Azərbaycan bədii söz və fikir tarixindəki rolundan danışıb.
Akademik dahi söz ustadının öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkarlarımızdan olduğunu qeyd edib. Bildirilib ki, görkəmli şair bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan şeiri Vaqifin sayəsində tarixin növbəti mərhələsinə qədəm qoyub. Vaqif Azərbaycan ədəbiyyatının, xalqının özünəməxsus dil, üslub xüsusiyyətlərini, milli kolorotini çox bariz əks etdirən yeni bir ədəbiyyat yaradıb, bununla da bədii sözün inkişafına böyük təkan verib. Vaqiflə Azərbaycan şeir dili yenilənib, o, klassik şeir formaları ilə aşıq yaradıcılığının vəhdətini yarada bilib.
R.Hüseynov Vaqifin Azərbaycanın siyasi mühitində də mühüm rol oynadığını, ictimai xadim kimi müdrikliyi və uzaqgörənliyi ilə tarixdə iz buraxdığını qeyd edib. Vurğulanıb ki, Vaqifin ədəbi irsi və siyasi fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi ədəbiyyatşünas alimlərin qarşısında duran əsas hədəflərdəndir.
Sonra muzeyin Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “Molla Pənah Vaqif - XVIII əsr şairi və ictimai xadimi”, muzeyin elmi işçiləri Natəvan Bağırovanın “Molla Pənah Vaqifin gözəllik idealı”, Sevinc Heydərovanın “Vaqif irsi Azərbaycan şeirində və Nizami Muzeyinin ekspozisiyasında” mövzularında məruzələri dinlənilib.