REGİONLAR
Azərbaycanın beş rayonunun 14 kəndinə təbii qaz verilib
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Saatlı, Sabirabad, Beyləqan, Füzuli və Salyan rayonlarının 14 kəndinə təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, Saatlı rayonunun Heydərabad, Dədə Qorqud və Əhmədbəyli kəndlərinin 702 abonentinə ilk dəfə “mavi yanacaq”ın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 72 min 732 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Sabirabadın Əsgərbəyli və Cavad kəndlərinin 945 abonentinə də ilk dəfə təbii qaz verilib. Bunun üçün birpilləli sistem əsasında 13 min 867 metrlik polietilen və 85 min 281 metrlik metal borularla qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Beyləqan rayonunun 757 abonenti olan üç kəndi - Gödəklər, Bünyadlı və Sarısu kəndləri isə yenidən qazlaşdırılıb. Qazlaşdırma işləri zamanı 38 kilometrdən artıq qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Füzulinin 400 abonenti olan Qayıdış-4 və Qayıdış-5 qəsəbələrinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 min 581 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Salyan rayonunun 4 kəndinə də təbii qazın verilişi bərpa edilib. Rayonun Seyidsadıqlı, Quyçu, Kolanı və Qızılağa kəndlərinin 805 evin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 87 kilometrə yaxın müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyici quraşdırılıb.
İctimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.