İQTİSADİYYAT


Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsi genişlənir: ölkəmizə uçanların sayı artır

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışı genişlənməkdə davam edir. İstər hava, istər quru, istərsə də su nəqliyyatında ölkəmizin nəqliyyat şəbəkəsi şaxələnməkdədir. Azərbaycan strateji coğrafi mövqeyi ilə əlaqədar olaraq nəqliyyat dəhlizlərində həm də tranzit ölkə kimi mövqeyini möhkəmləndirir.

Turizm mövsümün başlanması ilə Bakıya uçuşlara maraq göstərən şirkətlərin sayının artdığı nəzərə çarpır. Eyni zamanda, ölkəmiz beynəlxalq nəqliyyat şəbəkəsinin genişlənməsinə ciddi şəkildə maraq göstərir. Hava nəqliyyatı sahəsindəki dəyişiklikləri xüsusilə qeyd etmək olar. Bu ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə 607,5 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 27,9 faiz çox sərnişin daşınıb. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Son günlərin nəqliyyat sektoru xəbərlərinin xronikasını nəzərdən keçirmək kifayət edir ki, bu sahədəki dinamika hiss olunsun.

Rusiyanın “IrAero” aviaşirkəti Krasnoyarskdan Bakıya ilk beynəlxalq aviareysi həyata keçirib. Krasnoyarsk-Bakı reysi iyunun 21-də yerinə yetirilib. Təyyarədə yerlər tam dolub.

Qeyd edək ki, uçuşlar ilin sonunadək yay cədvəli üzrə həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə (Suvarnabhumi Beynəlxalq Hava Limanı) müntəzəm sərnişin reyslərini həyata keçirməsinə başlayacaq. Qeyd edək ki, bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir.

Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və “VIP-klub” sinif salonlu rahat “Boeing-767” laynerləri ilə yerinə yetiriləcək. Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.

Banqkoka yeni reyslər “Azərbaycan Hava Yolları”nın digər reysləri ilə rahat calanacaq ki, bu da Britaniyanın nüfuzlu “Skytrax” agentliyinin qiymətləndirməsinə görə postsovet məkanında ən yaxşı hava limanı elan edilən Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən transfer daşınmaları planlaşdırmağa imkanı verəcək.

Aviabiletin qiymətinə baqajın (23 kiloqrama kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

İyunun 20-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Paris aviasalonunda təxminən 918 milyon dollar həcmində qiymətləndirilən dörd “Boeing -787-8 Dreamliner” təyyarəsi almaq niyyətini elan edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra “Boeing” Korporasiyasının rəsmi saytında yerləşdiriləcək.

“Yeni “787-Dreamliner” təyyarələrinin sifarişi barədə qərar “Azərbaycan Hava Yolları”na gələcək inkişaf üçün böyük imkanlar açır. MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir “Boeing -787” təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

“Bu saziş Azərbaycan Hava Yolları ilə tərəfdaşlığımızda yeni səhifə açır”, - “Boeing” Korporasiyasının Yaxın Şərq, Türkiyə, Rusiya və Mərkəzi Asiyada satış məsələləri üzrə vitse-prezidenti Marti Bentrott bildirib. “Biz əminik ki, bazarda lider olan “B787-Dreamliner” sərnişin təyyarələrinin səmərəliliyi və rahatlığı AZAL-ın aviaparkının müasirləşdirilməsi planlarına müvəffəqiyyətlə kömək edəcək”.

“Azərbaycan Hava Yolları” böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşıyıb.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki “Boeing- 787-Dreamliner” təyyarəsi, həmçinin “Boeing -767” və “Boeing- 757” təyyarələri daxildir.

Turistlərə şad xəbər: “Buta Airways”in aviabiletlərinin qiyməti 29 avrodan başlayacaq.

Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in bütün istiqamətləri üzrə yekun minimal qiymət bir tərəfə cəmi 29 avro təşkil edəcək.

İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.

“Buta Airways”in Bakıdan Tbilisiyə ilk aviareysi sentyabrın 1-də yerinə yetiriləcək.

Minimal “BÜDCƏ” tarifi ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. “STANDART” tarifi ilə alınan aviabiletləri dəyərinin 50 faizi tutulmaqla dəyişmək və ya qaytarmaq mümkün olacaq.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.

Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edəcək. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkün olacaq. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edəcək.

Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkün olacaq. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.

“Buta Airways”in reyslərində əlavə opsiyalar kimi təyyarə salonunda komfortlu yerlər təqdim olunacaq. Birinci sırada və qəza çıxışının yanında ayaqlarınız üçün daha geniş sahəsi olan yerlər 25 avro, ön sıralarda prioritet yerlər 15 avro təşkil edəcək. Uçuşa qeydiyyat aviaşirkətin saytında və müstəqil qeydiyyat köşklərində pulsuz olaraq mümkün olacaq. Bu, hava limanındakı qeydiyyat masalarında isə 3 avro təşkil edəcək.

“Buta Airways”in aviareyslərində eyniadlı bort jurnalı pulsuz olaraq paylanılacaq. Jurnal həm Azərbaycan vətəndaşlarına, həm də Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə səyahət edən qonaqlara və tranzit sərnişinlərə eyni dərəcədə maraqlı olacaq. Jurnalda ölkəmizdə və xaricdə maraqlı və tanınmayan yerlər, milli mətbəx və aviaşirkətin uçuşlar yerinə yetirdiyi bu və ya digər şəhərdə vaxtın necə səmərəli keçirilməsi haqqında məlumatlar dərc olunacaq.

Yaxın zamanda aviabiletlərin saytda, kassalarda və həmçinin rəsmi agentliklərdə satışına başlanılacaq. Bütün ödənişlər uçuşun başladığı ölkənin yerli valyutasında Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçiriləcək.

“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

2017-ci ilin yanvar-may ayları ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 1 milyon 37 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji göstəricisindən 34 faiz çoxdur. Təkcə may ayında 315 min sərnişinə xidmət göstərilib.

Həmçinin Azərbaycanda “Bakı-2017 - IV İslam Həmrəyliyi Oyunları”nın keçirilməsi də sərnişin dövriyyəsinin xeyli artmasına təsir göstərmişdir. Azərbaycan mülki aviasiyasının bütün qurumları “İslam Oyunları” dövründə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib.

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 767 min sərnişin düşmüşdür ki, bunun da 204 min nəfəri daxili reyslərlə daşınmışdır.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Hava limanının beynəlxalq daşımaların 48,3 faizi “Azərbaycan Hava Yolları”nın, 51,7 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir. Aeroportun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.

Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.