CƏMİYYƏT
Azərbaycanın böyük dostu Mehmet Haberal Dünya Transplantasiya Cəmiyyətinin prezidenti seçilib
Bakı, 23 avqust, AZƏRTAC
Terror hücumları və şəhid xəbərləri ilə sarsıdılan Türkiyə üçün sırada bir ümid və iftixar xəbəri var. Professor Mehmet Haberal Türkiyəyə bir daha qürur yaşatdı. Türkiyədə ilk dəfə 1975-ci il noyabrın 3-də canlı donordan böyrək köçürən, 1978-ci ildə meyitdən böyrək nəqlini, 1990-cı ildə təkcə Türkiyədə yox, Avropa, Yaxın Şərq, Afrikada da ilk dəfə canlı donordan qaraciyər nəqlini həyata keçirən professor Mehmet Haberal Honq-Konqdakı konqresdə 105 ölkədən 6 min 700 elm adamı tərəfindən Dünya Transplantasiya Cəmiyyətinin prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Tarixə adını yazan Mehmet Haberal 2000-ci ildə Dünya Transplantasiya Cəmiyyətinin Romadakı konqresində Türkiyədə və dünyada orqan nəqlinin inkişafına verdiyi töhfələrə görə ilk dəfə türk və müsəlman dünyasının bir elm adamı olaraq “Minillik Medalı” alıb.
Türkiyəyə orqan nəqlini gətirən və ilklərlə adını dünya elmi ədəbiyyatına həkk etdirən professor Mehmet Haberal “Orqan və toxuma alınması, saxlanması, aşılanması və nəqli” haqqında qanunun hazırlanıb qüvvəyə minməsinə rəhbərlik edib. Doktor Haberal 1992-ci ildə eyni donordan eyni anda həm qismən qaraciyər nəqlini, həm də böyrək nəqlini həyata keçirib.
Qeyd edək ki, o, Azərbaycan Tibb Universitetinin fəxri professorudur. Azərbaycanın böyük dostu Mehmet Haberal bu il iyunun 1-3-də Bakıdakı “Hilton” otelində dünyanın 350-ə yaxın tanınmış transplantoloqları da olmaqla möhtəşəm konqres keçirib.