CƏMİYYƏT
Azərbaycanın bütün məscidlərində Türkiyə şəhidlərinin xatirəsi anılacaq
Bakı, 22 iyul, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin göstərişinə əsasən, bu gün Azərbaycanın bütün məscidlərində qardaş Türkiyədə iyulun 15-16-da baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ruhuna dualar oxunacaq, cümə namazından sonra qaibanə cənazə namazı qılınacaq.
Xatırladaq ki, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə dini maarifləndirmə və milli-mənəvi, eləcə də xalqımızın multikultural dəyərlərinin təbliği çərçivəsində Zaqatala-Şəki bölgəsində səfərdədirlər. Allahşükür Paşazadə və Mübariz Qurbanlı Şəki Cümə məscidində cümə namazında iştirak edəcəklər.