REGİONLAR
Azərbaycanın cənub bölgəsinin işəgötürənləri üçün “Açıq qapı” günü
Bakı, 30 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində işəgötürənlərin iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təşkili barədə məlumatlandırılması məqsədilə növbəti “Açıq qapı” gününü yanvarın 30-da Lənkəranda keçirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları və Şirvan şəhərinin işəgötürənlərinin iştirak etdikləri tədbirdə ölkəmizdə hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraitində işləmək hüququnun olduğu vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanın əmək qanunvericiliyi iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin olunması məqsədilə işəgötürənlər qarşısında konkret vəzifələr müəyyən edir. İşəgötürənlər tərəfindən bu vəzifələrin yerinə yetirilməməsi, əməyin mühafizəsi normalarının pozulması nəticə etibarilə istehsalatla əlaqəli bədbəxt hadisələrə, bu hadisələrdə işçilərin həlak olmaları və xəsarət almalarına, yaxud peşə xəstəliklərinə tutulmalarına gətirib çıxarır. Ona görə də hər bir işəgötürən əmək münasibətlərində olduğu işçilər üçün təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması baxımından sosial məsuliyyət hissinə malik olmalı və işçinin həyatı, sağlamlığı onun işlədiyi müəssisənin iqtisadi mənafeyindən üstün tutulmalıdır.
Diqqətə çatdırılıb ki, DƏMX tərəfindən respublikada “Təhlükəsiz iş ongünlüyü”nün elan olunması, bu tədbir çərçivəsində paytaxtda və bölgələrdə belə tədbirlərin keçirilməsi də işəgötürənlərin işçilərin əməyinin mühafizəsinə diqqətinin artırılması məqsədinə yönəlib.
Tədbirdə DƏMX-nin mütəxəssisləri işəgötürənlərə idarə, müəssisə və təşkilatlarda təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə norma və standartlar barədə dolğun məlumatlar, iş yerlərində texniki təhlükəsizliyin təmini ilə bağlı izahatlar veriblər. Habelə ayrı-ayrı işəgötürənlər öz müəssisələrində əməyin mühafizəsi sahəsində görülən tədbirləri qeyd ediblər.
“Açıq qapı” günündə işəgötürənlərin müvafiq mövzu ilə bağlı sualları da cavablandırılıb.