İDMAN
Azərbaycanın daha iki boksçusu dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Bakı, 8 oktyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dünya çempionatında oktyabrın 8-də səkkizdəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın daha iki boksçusu dörddəbir final mərhələsinə yüksəlib.
Yarışda 64 kiloqram çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor əlcəzairli Abdelkader Çadi ilə qarşılaşıb. Hər üç raundda inamlı təsir bağışlayan L.Sotomayor rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Boksçumuz dörddəbir final mərhələsində hazırkı Avropa çempionu rusiyalı Vitali Dunyavtsev ilə qarşılaşacaq. V.Dunyavtsev öz növbəsində britaniyalı Pat Makkormakı məğlub edib. L.Sotomayor - V.Dunyavtsev qarşılaşması oktyabrın 10-da keçiriləcək.
Komandamızın daha bir üzvü Abdulqadir Abdullayev (91 kq) çempionatına qələbə ilə başlayıb. Amma bu, boksçumuza heç də asan başa gəlməyib. Millimizin üzvü əlcəzairli digər boksçu Çouaib Boulodinat ilə döyüşdə birinci raundda iki dəfə nokdauna düşüb. Amma ikinci hissədə özünə gələn A.Abdullayev bu dəfə rəqibi iki dəfə nok-daun edib. Üçüncü raunddan sonra hakimlər boksçumuzun qələbəsini qeydə alıblar - 3:0. İdmançımızın dörddəbir finaldakı rəqibi argentinalı Yamil Peralta Jara olacaq. Həmin görüş də oktyabrın 10-da baş tutacaq.