SİYASƏT


Azərbaycanın daimi nümayəndəsi BMT-nin Mənzil və Dayanıqlı Şəhər İnkişafı üzrə Konfransında çıxış edib

A+ A

Vaşinqton, 20 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi, Azərbaycan nümayəndə heyətinin başçısı Yaşar Əliyev oktyabrın 19-da Ekvadorun Kito şəhərində BMT-nin Mənzil və Dayanıqlı Şəhər İnkişafı üzrə Konfransında (Habitat-III) çıxış edib.

Diplomat çıxışında bildirib ki, Habitat-III konfransı “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” proqramının qəbul edilməsindən sonra BMT-nin birinci qlobal sammitidir. O deyib ki, dünyada iqtisadi böhrana və digər problemlərə baxmayaraq, iqtisadi inkişafın müşahidə olunduğu Azərbaycan iqtisadiyyatın hərtərəfli və şaxələndirilmiş inkişafı, habelə dayanıqlı inkişaf üzrə müvafiq milli strategiyanın qəbul edilməsi səylərini dəstəkləyir. Y.Əliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmiz üçün əhəmiyyət daşıyan, qlobal vəzifə və məqsədlərə, sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının təmin edilməsinə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə müvafiq olan milli prioritetlərin 2030-cu ilə kimi müəyyənləşdirilməsi üçün 2016-cı il oktyabrın 6-da Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzalayıb.

Ölkəmizdə urbanizasiya məsələlərindən danışan Y.Əliyev bildirib ki, Azərbaycan əhalisinin yarısından çoxu şəhər sakinidir və son illər ərzində Azərbaycan şəhər idarəetməsinin möhkəmlənməsinə, şəhər inkişafının planlaşdırılmasında proqnozlaşdırmanın və yekdilliyin təmin edilməsinə, yoxsulluğun aradan qaldırılmasına, sosial müdafiənin gücləndirilməsinə, ölkənin şəhər və qəsəbələrində nəqliyyat infrastrukturunun, su resurslarının idarə olunması sistemlərinin və ekologiyanın yaxşılaşdırılmasına, aztəminatlı ailələrə və əhalinin sosial baxımdan digər zəif təbəqələrinə dəstəyin təmin edilməsinə yönələn geniş əhatəli və səmərəli siyasət yürüdüb. O bildirib ki, Azərbaycanda mühüm qanunvericilik aktları, o cümlədən Mənzil Məcəlləsi, sosial mənzillərin tikintisi proqramı qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb.

Y.Əliyev Azərbaycanın dayanıqlı inkişafla bağlı nailiyyətləri və proqramları ilə bərabər, konfrans iştirakçılarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək bildirib ki, həllini tapmayan silahlı münaqişələr, silahlı ekstremizm, terrorizm, təcavüzkar separatizm, humanitar böhranlar və əhalinin qovulması ziyan çəkmiş ölkələrin dayanıqlı inkişafa nail olmaq bacarığını zəiflədir və əvvəlki illərdə əldə olunmuş bütün inkişafı təhlükə altına qoyur. Diplomat qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub və yüz minlərlə qaçqın və məcburi köçkün ordusu yaranıb. Ölkə iqtisadiyyatına milyardlarla ziyan dəyib, işğal olunmuş ərazilərdə 900 qəsəbə, 150 min ev, 7 min ictimai bina, minlərlə təhsil və tibb müəssisəsi, habelə digər infrastruktur obyektləri qarət edilib və dağıdılıb. Azərbaycan hökuməti humanitar böhranı həll etmək üçün xüsusi dövlət proqramı qəbul edib. Həmin proqrama müvafiq olaraq, 2001-2015-ci illərdə sosial və texniki infrastrukturla təchiz edilmiş 94 müvəqqəti qəsəbə inşa edilib.

Azərbaycanın BMT-dəki missiyasının başçısı Azərbaycana güc tətbiq edilməsini pisləyən, onun ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrini də xatırladaraq vurğulayıb ki, Ermənistan bu tələbləri nəinki yerinə yetirməyib, üstəlik, status-kvonun saxlanılması, məcburi köçkünlərin öz evlərinə qayıtması prosesinin qarşısını almaq məqsədi ilə Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətini davam etdirir.

Yaşar Əliyev bəyan edib ki, münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Ermənistan bu reallığı dərk edib, öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarsa, onda münaqişənin nizamlanması perspektivdə qarşılıqlı faydalı əməkdaşlığa və iqtisadi inkişafa gətirib çıxarar ki, bu da “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy”in hər iki ölkədə uğurla reallaşmasına kömək edər.

Xatırladaq ki, Habitat BMT-nin yaşayış məntəqələri üzrə proqramıdır. Habitat konfransı 20 ildə bir dəfə keçirilir. Kito Konfransı sayca 3-cü görüşdür. Əvvəlki iki konfrans 1976 və 1996-cı illərdə keçirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.