REGİONLAR
Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir
Lənkəran, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov çıxış edərək, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunmasını xalqımızın tarixində şanlı səhifə adlandırıb.
Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi adından “Kitabi-Dədə Qorqud” dastanında “Basatın Təpəgözü öldürməsi” boyunun 25 dilə tərcümə edilmiş kitablarını universitetin elmi kitabxanasına hədiyyə edib.
Konfransda universitetin tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Fəxrəddin Hüseynin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir və dönməzdir” mövzusunda məruzəsi dinlənilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin parlaq iradəsi, zəngin dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tuta bilməzdi.
Azərbaycan dili, ədəbiyyatı və onların metodikası kafedrasının müdiri Yədulla Ağazadə Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Universitetin tələbə-gənclər təşkilatının sədri Ramin Niftullayev, tələbə həmkarlar təşkilatının sədri Arzu Nəsibova elmə, təhsilə, mədəniyyətə, xüsusilə gənclərə göstərilən dövlət qayğısından danışıblar.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.